Qonaq Kitabı
Səndən gözəl fəzanın bir nurlu mahı yoxdur

Səndən gözəl fəzanın bir nurlu mahı yoxdur,

Heç bir diyarın ey yar sənin tək şahı yoxdur.

 

Necə bir ölkədir ki, eşqin, hüsnün diyarı,

Hamı şikayət eylər, bir dadi-xahı yoxdur.

 

O ay sifətli dilbər əğyarə munis olmuş,

Amma ki, biz fəqirə xoş bir nigahı yoxdur.

 

Qətlimmi lazım olmuş dilbərə, ey ilahi,

Mən yazığın eşqdən qeyri günahı yoxdur.

 

İndi də axtarırlar aşiq qanına şahid,

Buna özümdən ayrı şahid ilahi, yoxdur.

 

Ibadətim yeganə sənin məhəbbətindir,

Qaşlarından savayı bir səcdəgahı yoxdur.

 

Heyranın ahü vayın özün eşit, sən ey şah,

Dərgahından sava bir onun pənahı yoxdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info