Qonaq Kitabı
Al şərab iç, ey nigarım, rəngi olsun qan kimi

Al şərab iç, ey nigarım, rəngi olsun qan kimi,

Məst olub at gül üzündən pərdəni duman kimi.

 

Qoy xəcalət çəksin ay sənlə bərabər durmağa,

Nəstərənlər, sərvlər qalsın sənə Heyran kimi.

 

Badə iç, get sən mələk üzlü gözəllər yanına,

Gəz bağı, gəz bağçanı bir nazənin canan kimi.

 

Sərv, qəddin tək gözəldirsə, sənə çatmaz yenə,

Qıvrılıb zülfün üzündə sünbülu reyhan kimi.

 

Yox sənə hüsnü məlahətdə bərabər bir gözəl,

Var həsəd, əfqan edən ol Yusifi-Kənan kimi.

 

Bil Yəmən əqiqi də çatmaz dəhanin rənginə,

Ləblərin şövq salır çün ləli-Bədəxşan kimi.

 

Uçdu bu könlüm quşu bir xalını görcək inan,

Qıvrılan zülfündə yurd saldı sənin mehman kimi.

 

Həsrətindən qəlbi Heyranın olub beytülhəzən,

Varmıdır hicran görən, mən çəkdiyim hicran kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info