Qonaq Kitabı
Tapılsın bir adam, gəlsin, salam canana çatdırsın

Tapılsın bir adam, gəlsin, salam canana çatdırsın.

Mənim könlümdəki ərzi o gənc oğlana çatdırsın.

 

Alıb məktubumu bir baş aparsın can alan dosta,

Onu o mehriban yara, məhi-tabana çatdırsın.

 

Kədər məktubumu məndən alanda aşikar alsın,

Fəqət gizlində, pünhanda onu o cana çatdırsın.

 

Gedib dərgahına yarın baş əysin bir nəzakətlə,

Mənim bu eşqimi bir yol güli-xəndana çatdırsın.

 

Bu ağlar könlümün dərdli salamın müxtəsər etsin,

Əzəl buyruqçuya, sonra ötüb dərbana çatdırsın.

 

Aparsın ərzimi bir baş yetirsin bəlkə dərbana,

O da bu dərdə rəhm etsin onu sultana çatdırsın.

 

Gedib o bir cavab alsın gözəllər padişahından,

Gətirsin qəm görən, bu qüssədən bicana çatdırsın.

 

Cavabından könül qüvvət, gözüm nur alsın, ey qasid,

Mənim işgəncəmi bilsin, onu dərmana çatdırsın.

 

Mən, o insana eşq olsun – deyərdim, söyləyərdim ki,

Gətirsin dilbərin əmrin məni-nalana çatdırsın.

 

Desin gah bülbülün dərdin gülə, gülzara, vəsf etsin,

Desin gah bülbülə güldən, xəbər hər yana çatdırsın.

 

Yetirsin ehtiram ilə salamın aşiqin yarə,

Gələn baş aşiqin yarə sözün mərdanə çatdırsın.

 

Gəlib Heyrana rəhm etsin, salam alsın məhəbbətlə,

Aparsın o günəş üzlü, gözəl ceyrana çatdırsın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info