Qonaq Kitabı
Yarımın öz ay üzündən xəbəri yoxdur heç

Yarımın öz ay üzündən xəbəri yoxdur heç.

Gecələr nalə, fəğanın əsəri yoxdur heç.

 

Qədrü qiymətdə məni dərk eləyən bir kəs yox,

Heyf aləmdə, adamlıq əsəri yoxdur heç.

 

Öz ürək qanım ilə bitdi boy atdı o ağac,

Nə edim ağlamayım, bir bəhəri yoxdur heç.

 

Həm qara, həm də uzundur bu gecəm zülfün tək,

Ayrılıq axşamının bir səhəri yoxdur heç.

 

Ey ayım, ey gözəlim, heç də soruşmursan ki,

Eşqimin, nazlarımın dərbədəri yoxdur heç?

 

Yandırıb canımı eşqin odu, dilbər, elə ki,

Kül olub, can evinin rişələri yoxdur heç.

 

Bu qədər möhnətini çəkmişəm, amma nə deyim,

Nə deyim, cövri-cəfanın səməri yoxdur heç.

 

Sənə Allah kömək olsun gərək Heyran, yoxsa,

Bu kədər ümmanının bir güzəri yoxdur heç.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info