Qonaq Kitabı
Sənə kim söylədi ey dil ki, bunca dadü qovğa et

Sənə kim söylədi ey dil ki, bunca dadü qovğa et

Mənim cananımı xəlq içrə böylə xarü rüsva et!

 

Amandır, qılma əğyarı öz halindən belə agah,

Əgər sən nalə istərsən, gedib bir küncə, tənha et.

 

Ləbindən busə almaqçın elə min canını qurban

Bu alver xeyr edər, tez get belə bir şərtlə, sövda et.

 

Sənin hicrinlə ey canan, könül can üstədir, bir gəl,

Sənə qurban, nolar, bu xəstə könlümlə müdara et.

 

O süzgün gözlərə qurban olum, bir rəhmə gəl axır

Baxıb da bizlərə sarı günəş tək çıx təcəlla et.

 

Ölərkən bari gəl, bir də görüm ol mahi-rüxsari,

Yaxın gəlmə, uzaqdan bax, bu canı bir də əhya et.

 

Göz aç Heyran ki, yarın gəldi axır, sənlə didarə,

O gün üzlü, gecə saçlı yara dur bir təmaşa et!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info