Qonaq Kitabı
Ey əzizlər, bir büti-namehribanım var idi

Ey əzizlər, bir büti-namehribanım var idi,

Yox, qələt etdim ki, mahi-asimanım var idi.

 

Eşq bağında onun, bülbüllər içrə bir zaman,

Ah, mənim də bir zavallı aşiyanım var idi.

 

Hasili-ömrüm əgər yandı, buna etmə əcəb,

Çünki bərq-asa dili-atəşfişanım var idi.

 

Ey səba, ol bivəfa heç söyləyirmi ki, mənim

Gözləri yolda qalan bir natəvanım var idi?

 

Heç deyərmi: “Kimsəsizlik aləmində bir zaman,

Canına odlar düşən ruhi-rəvanım var idi?”

 

Müflüsü biçarəyəm Heyrani-zarü mübtəla,

Sərf qıldım yar üçün hər nə olanım var idi. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info