Qonaq Kitabı
Əcəb gözdən düşən bir canəm, ey dil!

Əcəb gözdən düşən bir canəm, ey dil!

Onun zülmilə mən nalanəm, ey dil!

 

Xüramansərv tək vəslilə hərdəm,

Xəyal tək mən də sərgərdanəm, ey dil!

 

Onun gül ruyinə, şux qamətinə,

Yenə pərvanə tək suzanəm, ey dil!

 

Bu hicran atəşin söndürmək üçün,

Gözümdən qanlı yaş-əfşanəm, ey dil!

 

Nolar gər vəsli ilə etsə dərman

Ki, mən bimari-bidərmanəm, ey dil!

 

Məgər bilməzmi o qəmzən oxuyla

Ki, mən öz qanimə qəltanəm, ey dil!

 

Alıbdır əldən ol məh qəlbü cani,

Gedib iman da, biimanəm, ey dil!

 

Sənə öz halimi aydın dedim mən,

O hüsnə qəlbdən Heyranəm, ey dil!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info