Qonaq Kitabı
Ey badi-səba, gedib güzər qıl

Ey badi-səba, gedib güzər qıl,

Əfqan eləyib cahani gər qıl.

 

Gər naləni dinləməzsə, fövrən,

Ahəngi-təraneyi-digər qıl.

 

Ey göz, daha durma, qanlı yaş tök,

Ey naleyi-biəsər, əsər qıl.

 

Söylə: “büti-səngdil[i], sən Allah,

Bu aşiqanə bir az nəzər qıl!

 

Gördün ki, sənə cavab yoxdur,

Bu sözlərimi de, müxtəsər qıl:

 

“Ya kəs başımı və ya apar sat,

Ya könlümü eşqdən bədər qıl!”[ii]

 

Sonra qayıdıb sən ahın ilə

Heyrani-həzinə bir xəbər qıl!



[i] Büti-səngdil – Daş ürəkli gözəl.

[ii] Bədər qıl – Kənar et, qurtar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info