Qonaq Kitabı
Könül ki, hicrdən oldu fikar, ağlayıram

Könül ki, hicrdən oldu fikar[i], ağlayıram,

Bütün vücudim olub biqərar, ağlayıram.

 

Nədən şikayət edim, bəxtdən və ya göydən?

Məni əzir sitəmi-ruzigar, ağlayıram.

 

Nə qədər təndə canım var, işim fəğan olacaq,

Vəfasız oldu mənə çünki o yar, ağlayıram.

 

Mənə məhəbbət edib, sonra qaçdı əhdindən,

Gedib rəqibə olub qəmküsar, ağlayıram.

 

Neçə rəqibə deyim mən, cəfayi-yari-necə?!

Məni boğur bu xəcalət, bu ar, ağlayıram.

 

Rəqib etdi məni xar kimsəsiz görərək,

Ona görə oturub zar-zar ağlayıram.

 

Nə qədr ömr varımdır cahanda, ey Heyran!

Sızıldayıb həmişə, cəngvar[ii], ağlayıram.



[i] Fikar – Qəmgin, dərdli, yaralı.

[ii] Cəngvar – Cəng kimi (musiqi alətidir).

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info