Qonaq Kitabı
Gördüyüm ah, yuxuydu yoxsa ki, yar

Gördüyüm ah, yuxuydu yoxsa ki, yar,

Ya ki, tale bu səmtə etdi güzar?

 

Görünən tək o mahru birdən,

Oldu vuranə bu dərü divar.

 

Gözlərim ta sataşdı gözlərinə.

Əqlü huşim başımdan etdi fərar.

 

Külxənim gülşən oldu, bir dəmdə,

Yusif-asa güləndə ol dildar.

 

Ürəyim titrəyib də çırpındı,

Üzünə hər baxanda mən naçar.

 

Sonra birdən o ruhi-canım tez,

Min əzabla bədəndən oldu kənar.

 

Baş ayağə qoyub, dedim qəlbən:

“Ey güli-sərv-qəddü, məh-rüxsar!

 

Elə et ta ki, bu zavallı könül,

Tapsın ol vəslin ilə bir də qərar.

 

Məst ikən qalxdı min bəhanə ilə,

Dilimi lal qıldı, qəlbimi zar.

 

Əzmi-rah[i] etdi ta rəvan olsun,

Aləm oldu gözümdə tirəvü tar.[ii]

 

Bu necə vəsl idi ki, Heyranı

Eylədi min bəlayə, dərdə düçar?



[i] Əzmi-rah – Yola düşmək.

[ii] Tirəvü tar – Qapqaranlıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info