Qonaq Kitabı
Dilim bir bülbüli-biaşiyandır

Dilim bir bülbüli-biaşiyandır,

Ona hər gül budağı bir məkandır.

 

Çü dilbər getdi, əqlü din də getdi,

Dilü canım da ardınca rənvandır.

 

Mənim yarım gözəllər içrə bil ki,

Şəhənşahi-zəminü asimandır.

 

Gözü bir cəngcudur,[i] qəmzə xunriz,[ii]

Sitəmkər, səngidil, namehribandır.

 

Nigahi fitnədir, xali füsunkar,

Vəlakin qönçələb, şirin zəbandır.

 

Əgər ölsəm yəqin bilsinlər, axır,

Məni qətl eyləyən qaşı kəmandır.

 

Necə ərz eyləyim dərdi-dilimi,

Ki, halım kamilən yarə əyandır.

 

Nə bir gülşən tamaşası dilər dil,

Nə meylim suyi-sərvü büstandır.

 

Nə cahi-dünyəvi,[iii] nə huri-cənnət.

Nə malü mülk, nə də gənci-cahandır[iv].

 

Təmənnayi-dilim hər dü cahanda,

Visali-ruyi-yari-mehribandır.

 

Daha Heyranda yox bir özgə arzu,

Bütün istəkləri ancaq hamandır.



[i] Cəngcu – Davakar.

[ii] Xunriz – Qantökən.

[iii] Cahi-dünyəvi – Dünya cah-cəlalı.

[iv] Gənci-cahan – Dünya xəzinəsi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info