Qonaq Kitabı
Gözəllər içrə, ey canan, sən oldun sərvəri-xuban

Gözəllər içrə, ey canan, sən oldun sərvəri-xuban,

Üzündür bir günəş guyi, ona zülfi-kəcin çövkan.

 

Camalın gülşən olmuşdur, nə gülşən, gülşəni-xubi,

Nə xubi, xubiyi-Yusif, nə Yusif, Yusifi-Kənan.

 

İki zalimdir ol gözlər, nə zalim, zalimi-kafər

Nə kafər, kafəri-rəhzən[i] nə rəhzən, rəhzəni-iman.

 

Ləbi-Ləlin olub qönçə, nə qönçə, qönçeyi-lalə,

Nə lalə, laleyi-cənnət, nə cənnət, cənnəti-rizvan.

 

Olub xali-ləbin hindu, nə hindu, hinduyi-sahir

Nə sahir, sahiri-fitnə, nə fitnə, fitneyi-dövran.

 

Dilin bir bülbülə bənzər, dəhanın çeşmeyi-safə,

Nə bülbül, bülbüli-xoşgu, nə çeşmə, çeşmeyi-heyvan.

 

Olub Heyran sənə aşiq, nə aşiq, aşiqi-bidil,

Nə bidil, bidili-valeh, nə valeh, valehi-Heyran.



[i] Kafəri-rəhzən – Yolvuran kafər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info