Qonaq Kitabı
Xəstə könlüm, sən hara, dilbərlə xoş göftar hara

Xəstə könlüm, sən hara, dilbərlə xoş göftar hara,

Xar ilə söhbət hara, söhbət üçün gülzar hara?!

 

Köhnə dünyada ayıq bir kimsə yox dərd anlaya,

Böylə bir qəflət hara, dərd anlayan hüşyar hara?!

 

Tor qurub salmış kəməndə saçların ey can məni,

Tordakı bir quş üçün dövran hara, ruzgar hara?!

 

Ay cəmalınla rəqabət eyləyə bilməz günəş,

Xaneyi-şahmat ara, bəs tel sümüklü mar hara?!

 

Burda içmiş hər qoca, hər gənc məhəbbət badəsi,

Məst olublar, məst olan əğyar hara, bidar hara?!

 

Həm də əğyar ancaq öz dərdin çəkir mən tək deyil,

Yar qəmindən xəstə düşdüm mən hara, əğyar hara?!

 

Çəkmərəm ömrümdə billah, əl ətəyindən sənin,

Mən hara, hicran hara, qürbət hara, dildar hara?!

 

Cəhd elə, Heyran, gözəllərdən uzaqlaş, gendə dur,

Mehriban olmaq hara, ol dilbəri-xunxar hara?!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info