Qonaq Kitabı
O nigar ilə bizim söhbətimiz səhv idi səhv

O nigar ilə bizim söhbətimiz səhv idi səhv,

Mən tikan idim o gül, ülfətimiz səhv idi, səhv.

 

Bağladıq mehrü məhəbbət o gözəllər şahına,

Nə biləydim belə bir niyyətimiz səhv idi, səhv.

 

İstədim yadlar önündə o gözəldən kam alam,

Belə israrla yəqin cürətimiz səhv idi, səhv.

 

Bir öpüş almaq üçün ləblərinə göz tikdim,

Bu təmənnada demə diqqətimiz səhv idi, səhv.

 

Dərdinin dərmanı ey xəstə könül yarda ikən,

Başqa loğmanə müraciətimiz səhv idi, səhv.

 

Daş ürəkli gözəlim, könlümü çox incitdin,

Demədin bir bu qədər zillətimiz səhv idi, səhv.

 

Heyranın hüşu uçubdur, bunu sən bilməmisən,

Yadlara sevgilidən qiymətimiz səhv idi, səhv.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info