Qonaq Kitabı
Gəldi bayram, bəlkə də gördün, könül, cananını

Gəldi bayram, bəlkə də gördün, könül, cananını,

Yar yolunda, heç əsirgərmi bir, aşiq canını?

 

Qoyma yarəb, ayrıla yarın ətəyindən əlim,

Çünki silmək istərəm çeşmim tökən al qanını.

 

Neyləyim, çarəm nədir, çatmır əlim cananıma,

Üstəlik artırdı dövran müddəti-hicranını.

 

Dilbərin eşqi səni, ey dil, necə məst eylədi,

Aldı o atəşpərəst axır dinü-imanını.

 

Gəlmişəm qurban edəm öz canımı cananıma,

Yar məgər rədd eyləyər öz yarının qurbanını?

 

Etmə vəslindən kənar sən könlümü biganə tək,

Talibəm hər hökmünə ver sevgilim fərmanını.

 

Ey mələk xoşdur mənə, hər cür cəfa etsən buyur,

Neyləsən et, Allaha bax, qovma bu Heyranını! 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info