Qonaq Kitabı
Ey badi-səba, sərv boy, ay üzlümü görsən

Ey badi-səba, sərv boy, ay üzlümü görsən,

Mən quldan o sultana salamlar yetirərsən.

 

İnsafa gəlib halımı hərgah soruşarsa,

Can çəkməyimi sorğusuna müjdə verərsən.

 

Misrin o gözəl Yusifinə könlümü verdim,

Bir sor ki, Züleyxa nə üçün düşdü nəzərdən.

 

Məcnun da sənin yarını, gər, görsə, əzizim,

Öz Leylisini bir daha anmaz bunu bil sən.

 

Ey vah, nə edim, sevgilimi aldı əlimdən,

Axırda fələklər də kəsildi mənə düşmən.

 

Tanrım da bilir, zərrəcə torpağını yarın,

Hətta bu cahan mülkünə tərcih eləməm mən.

 

Axırda əgər ümmidi-vəslin hədər olsa,

Göylər alışar, od tutar odlu nəfəsimdən.

 

Ahımla bütün dağları, səhraları billah

O kinli ürəklər kimi zülmətli görərsən.

 

Tut barı əlimdən, dolanım başına, dilbər,

Arzum da, təmənnam da budur, ey üzü rovşən.

 

Ey gül, daha Allah da bilir istəmir Heyran,

Sənsiz yaşamaq, duymamısan dərdini qəlbən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info