Qonaq Kitabı
ZAMANI DUELƏ ÇAGIRIRAM MƏN...

Məqsədsiz düşəndə yolun ağına;

Vaxtı bir tum kimi çırtlayanda mən;

Qışqırıb zamanın kar qulağına

Təkbətək bir döyüş kcçir qəlbimdən...

Bu asfalt yolların ütü hamarı

Axır bir çay kimi ayağım altdan.

Bu vaxtı yolundan qoyaydım barı,

Bikar vaxtlarımı düşürüb atdan

Bir ağac verəydim torpağa, əkə,

Bir kənd göstərəydim ona su çəkə...

Başımın üstündə şimşəktək çaxır

Saat əqrəbinin qılınc döyüşü.

Dayanıb tinlərdən həsrətlə baxır

Maşın qəzasının bir tunc döyüşü...

 

Qırmızı gözləri işıqforların

Mənə “Dayan!” deyib əmrini verir.

Bir də nə vecinə işıqforların

Kim necə gözləyir, ömrünü verir,

Qışqıra bilmirəm işığın üstə,

Bu söz anlamayan uşağın üstə,

Yanımdan “Təcili vardım”lar keçir,

Nömrəsi xüsusi maşınlar keçir,

Mənsə gözləyirəm...

                        Zaman gözləmir,

Xüsusi nömrəylə qayda pozana

Baxıb əl eyləyir,

                      milis söz demir.

Susuz torpaq kimi cadar qəlbimə

Nə qədər təsəlli yağdırıram mən.

Yox!

Məhəl qoymayıb daha heç kimə

Zamanı duelə çağırıram mən!

Yalan məhəbbətlə “baxt güldürməkdən”

Usandım mən daha,

Bezikdim daha.

Görüş yerlərində vaxt öldürməkdən

Əsl məhəbbətə gecikdim daha...

 

Geriyə qayıtmaq asan iş deyil,

Çıxdığım pillələr uçulub gedib.

Zamana mən necə atdan düş deyim,

Cilovu əlimdən açılıb gedib.

Vaxt uçub siqaret tüstülərində,

Vaxt uçub çarpayı istilərində;

Doldurub qədəhə içmişəm vaxtı,

Mən nə gözləyirəm bu qürub vaxtı?!

Kədər - qəbiristandan,

Gülüş - şeytandan

Duyğu qorumadım bir an yanmağa,

                                mən itirmişəm.

Dahi futbolçular yaşıl meydandan

Topu çıxarıblar vaxt qazanmağa,

                                mən itirmişəm.

Bir günlük,

Bir anlıq xeyirlərimin

Ömrümdə əyləncə marağı qalıb.

Yaza bilmədiyim şerlərimin

Ağ bayraq qaldıran varağı qalıb.

Bəlkə bu gecənin sabahı yoxdur,

Yuxu - çoxmənalı bir bilməcədir,

Kim qala.

Kim görə, bu baxtabaxtdır,

Xatirə - bulanmış bir gölməçədir..

O sudan susuz da içməyəcəkdir,

Güman var,

Bir səhər duruldu bəlkə.

Ömrümdən uzanan taxta körpülər

Qırılıb təzədən quruldu bəlkə...

İçimdə bir tufan çağlayır mənim,

Yenə öz içimdə boğuluram mən.

Axırıncı şamım ağlayır mənim,

Zamanı duelə çağırıram mən...

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info