Qonaq Kitabı
AVTOPORTRET

İçimdən qəm ilməli

                 əriş-arğac keçibdir,

Sevinc yarıtox gəlib,

                 qəm yarıac köçübdür,

Sel olan göz yaşımı

                  bir ehtiyac içibdir;

Tanış olaq, oxucum,

                  tanış olaq: bu mənəm.

 

Bəlkə göydən gəlmişəm,

                  yerdə yerim yox mənim,

Nəyim varsa deyirəm,

                  özgə sirrim yox mənim.

Bir dəfə soyulmuşam,

                  daha dərim yox mənim,

Tanış olaq, oxucum,

                   tanış olaq: bu mənəm.

 

Əllərimi uzadıb

                 göylərə kök atıram,

"Şeş"i nəzərdə tutub

                 həmişə "yek" atıram.

Mən şer yazmıram ki,

                 ürəkdən yük atıram.

Tanış olaq, oxucum,

                   tanış olaq: bu mənəm.

 

Sakit görəndə məni

                quzu qoçdu həmişə,

Qoç olanda qarşımdan

                quzu qaçdı həmişə,

Ürəyim doludursa,

                cibim boşdu həmişə,

Tanış olaq, oxucum,

                tanış olaq: bu mənəm

 

Ömrüm gəl-get meydanı,

               dost ba zarı ucuzdu,

Nə qonmağım qonmaqdı,

               nə uçmağım uçuşdu.

Ömür udmaq istədim,

                günlərimi uduzdum,

Tanış olaq, oxucum,

                tanış olaq: bu mənəm

 

Eynək taxdım gözümə,

               şüşəsini yox gördüm,

İsti söz arxasında

              ürəyi soyuq gördüm.

Yatdım ki, yuxu görəm?!.

               Nə gördüm, oyaq gördüm,

Tanış olaq, oxucum,

                tanış olaq: bu mənəm.

 

Əlim kəndir axtardı

               iynəsiz ağ sap gəldi,

At istədim köməyə

              bir atsız axsaq gəldi.

Bir təpəyə söz dedim

              ona qahmar dağ gəldi,

Tanış olaq, oxucum,

              tanış olaq: bu mənəm.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info