Qonaq Kitabı
QƏRİB AXŞAMIN SÜKUTU

Bu qərib axşamın sükutu ağır,

Üfüqdən gözümə bir həsrət yağır.

Gündüzün gözündə ölüm kölgəsi,

Bir səssiz fəryadla günəş qürubda.

Ulduzlar gecənin sadiq köləsi

Ayla nazlanacaq bulud - qoruqda...

Dünya öz işində,

Vaxt axarında,

Saat əqrəbləri zamanı biçir.

Həyat da belədir...

                         lap axırında

Ölüm ömrümüzü sükutla içir...

Sevinc də xatirə,

Qəm də xatirə,

Arzu - yaşanacaq xatirələrdir.

Ömür bir qumardır,

                        bir gün gətirər.

Bir gün də cibinə doldurar dərdi.

Hər dikilən gözdən bir eyham baxır,

Bəzən göz deyəni,

                            dil deyə bilmir.

Bu gecə kor kimi hey əl-qol atır,

Yolunu itirib,

                    yeriyə bilmir.

Dünyanın içində boğulub səsi,

İşığı sozalmış çıraq kimidi.

Bu axşam qəmlidir ayın naləsi,

Dəstəyi qırılmış oraq kimidi.

Yumsam gözlərimi bu qəribliyə,

Kirpiyim zəmitək biçiləcəkdir.

Bir ümid işığı azalıb deyə

Dünya gözlərimdə kiçiləcəkdir.

Qara adamlarla doludur küçə,

Kölgələr üstümə yeriyir sanki.

Küçələr - torpağa uzanmış gecə,

Özünü zülmətə sürüyür sanki.

Bu ağır sükutun gözlərində nəm;

Fəryadım buluda çatacaq mənim.

Əlimi uzatsam,

                         elə bilirəm

Ulduzlar əlimə batacaq mənim.

Barı göy gurlaya,

                       bir şimşək çaxa,

Sükutu dağıla bu boş dünyanın,

Sürüşüb əllərim əlindən çıxa,

Əlləri boş qala sərxoş dünyanın,

Büdrəyib dərəyə düşə qaranlıq,

Günəş boy göstərə çiynimin üstdən

Bir şimşək parlaya göydə bir anlıq,

Axşamın qulağı tutula səsdən...

Bulud xurcununu salıb çiynimə

Göydən ulduzları qoparam gərək.

Qara bir tabuttək alıb çiynimə

Bu qərib gecəni aparam gərək.

Dəfn edim dərənin dərin yerində,

Ən uca qayanı başdaşı qoyum.

Yapışıb günəşin gül əllərindən

Köksümü ürəklə yanaşı qoyum...

Bu qərib axşamda

                              qapı dalında

Dünyanın özündə qərib kimiyik.

Ümid vağzalının səbir zalında

Bir öz duyğumuza qəbir kimiyik.

Bu qərib axşamda

                             elə bilirəm

Çiçəklər qönçədə solacaqdılar.

Qatar gözləyənlər

                            mürgü içində

Bu gecə vağzalda qalacaqdılar.

Fikrimə qorxulu şübhələr axır;

Bu qərib axşamın sükutü ağır...

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info