Qonaq Kitabı
AĞLAMA, TƏBRİZİM, AĞLAMA

Demə yollar uzaqdır,

Araya bir çay düşüb;

Vüsal kimin qisməti,

Bizə həsrət pay düşüb.

Birimizə göz yaşı,

Birimizə toy düşüb;

Danış, ucadan danış,

Sən dilini bağlama.

Ağı dediyin bəsdi,

Ağlama, Təbrizim, ağlama!

 

Ölənlər torpağındır,

Bizə sağlar qalıbdır.

Baxıb köks ötürməyə

Qarlı dağlar qalıbdır.

Bir gözümüz gülürsə,

Biri ağlar qalıbdır.

Sil gözünün yaşını,

Ürəyimi dağlama,

Ağlama, Təbrizim, ağlama!

 

Bir torpağın üstündə

O taylı, bu taylıyıq.

Torpaq ki, ömür deyil

Necə gəldi paylayaq.

Nə qədər “qardaş” deyib

Uzaqdan haraylayaq.

Ucalt haqqın səsini,

De sözünü, saxlama,

Ağlama,  Təbrizim, ağlama!

 

Bəlkə bənövşəmizi

Bu nisgil, həsrət əyir.

Araza körpü üçün

Torpaq oğul istəyir.

Sənə əl uzadıram,

Əlim məftilə dəyir.

Sən güvən öz ağlına,

Döyüşkən, düz ağlına,

Ağlama, Təbrizim, ağlama!

 

Çoxdur dil pəhləvanı,

Sözdə aşıb-daşırıq,

Bu günahsız Araza

Neçə günah qoşuruq.

Vətənin ortasında

Məftilə dolaşırıq.

Bir də bax dünəninə

Kimsəyə bel bağlama.

Dur ayağa, “Vətən” de,

Ağlama, Təbrizim, ağlama!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info