Qonaq Kitabı
VƏTƏN ALOV ETSİN ODUNU SƏNİN

Vətən alov etsin odunu sənin,

Böyü bu torpaqla,

                  bu yurdla öyün.

Mən Araz qoydum ki, adını sənin

Evimdə Arazı çağırım hər gün.

 

Bil ki, bu torpağın Araz dərdi var,

Kim deyir Arazın bir az dərdi var,

Don vurmuş həsrətin muraz dərdı var,

Hələ ki, sonunu görən tapılmır.

 

Qardaş kef içində,

                bacı pərişan,

Təndiri kor gözdür,

                sacı pərişan.

Əllərdə yolunan saçı pərişan,

Niyə daraq çəkib, hörən tapılmır.

 

Bu həsrət həmişə təzədir, təzə,

Sərhəd dirəkləri soxulur gözə.

Ümidin küləyi toxunub bizə,

Hələ nişanını verən, tapılmır.

 

Sulara deyirik əhvalımızı,

Cavabsız görürük sualımızı,

Göz yaşıyla yuduq dəsmalımızı,

Gəlib bu dəsmalı sərən tapılmır.

 

Əlimiz yetişmir, göz görə-görə,

Oğulsan bu dərdə döz, görə-görə,

Biz ümid toxumu səpmişik, yerə,

Dər, oğlum

                     demə ki, dərən tapılmır...

 

Vətən alov etsin odunu sənin,

Böyü bu torpaqla,

                    bu yurdla öyün.

Mən Araz qoydum ki, adını sənin

Evimdə Arazı çağırım hər gün.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info