Qonaq Kitabı
VƏTƏN

Anaların torpağı sulayan

                    tərini sevdim,

Göy qurşağı kimi əlvan

                    yerini sevdim;

Acını, şirini seçə bilmədim,

Arazdan içə bilmədim,

Körpüsündən keçə bilmədim,

Dəli kimi vuruldum,

Dəli Kürünü sevdim, Vətən!

 

Burnu titrəyən dovşanını,

Bənövşəni, yovşanını,

Qoruqda mələyən ceyranını,

Sünbülünü, reyhanını,

Bahar müjdəli qaranquşunu,

Anaların “Daşa dönəsən!” - deyib

Heykəl arzulayan qarğışını;

Quruca daşını,

Torpağının hər qarışını,

Evini-eşiyini,

Soba yanında xumarlanan pişiyini,

Qəfəsdəki şirini sevdim, Vətən!

Gözəlindən, göyçəyindən

Birinə könül verdim,

Birini sevdim, Vətən!

Çiçəyini, gülünü sevdim, Vətən!

 

Obanı, elini sevdim, Vətən!

Yağışına çətir tutmadım,

Leysanını, selini sevdim, Vətən!

Dənizində üzə bilmədim,

                    vuruldum maviliyinə,

Çaylarını, gölünü sevdim, Vətən!

Meşələrin fikrim kimi  qarışıq,

Zirvələrə gedən cığırların dolaşıq,

Ütülü düzlərini,

                    qırçın çölünü sevdim, Vətən!

Düşməninə “yan” - deyən,

Dostlarına “can” - deyən

“Anam Azərbaycan” - deyən

Dilini sevdim, Vətən!...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info