Qonaq Kitabı
Yaraşıqlı boyuna sərvi-xuraman dedilər

Yaraşıqlı boyuna sərvi-xuraman dedilər,

Ləl tək ləblərinə canlar alan can dedilər.

 

O günəş çöhrəni hər vaxtda ki, etdinsə əyan,

Ay bulud içrə girib, oldu peşiman, dedilər.

 

Qaşların taqinə hər yerdə kaman söylədilər,

Sehrikar gözlərinə nərgisi-fəttan[i] dedilər.

 

Xalına can quşunun danəsi ad verdi görən,

Müşk tək saçlarına silsilə zindan dedilər.

 

Danışanda ölülər cana gəlir nitqindən,

Sənin hər bir sözünə çeşməyi-heyvan dedilər.

 

Qüssədən canım əgər yansa, təəccüblü deyil,

Çöhrəni görmək üçün yox daha imkan, dedilər.

 

Vay o aşiqlərə ki, nalə çəkir hicrindən,

Gözlərindən boşalır yaş yerinə qan dedilər.

 

Daim əğyar gözü nurə gəlir vəslin ilə,

Yalnız əfqan eləyib ağlayır Heyran, dedilər.



[i] Nərkisi-fəttan – Məftun edən nərgiz; gözəlin gözlərinə işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info