Qonaq Kitabı
Kimsənin mən tək görüm halı pərişan olmasın

Kimsənin mən tək görüm halı pərişan olmasın,

Həmdəmindən ayrılıb pabəndi-hicran olmasın.

 

Tövbə etdim, kimsəyə bağlanmayım bundan belə,

Taki, hicrində könül odlarda büryan olmasın.

 

Aşikar olsa dodağımda təbəssüm bir kərə,

Qeyri mümkündür bu yanmış tez peşiman olmasın.

 

Gözlərimdən Dəclə tək seyli-sitəm cari olub,

Öylə gün olmaz ki, o bir ləhzə giryan olmasın.

 

Böylə tale sahibi şad olmasın bir gün gərək,

Nəşəyə biganə qalsın, o ciyər qan olmasın.

 

Etmərəm mən arizu dostlar üzarın bir daha,

Vəslə yetməkçin könül ta bir də nalan olmasın.

 

Eyləsin tanrım uzaq dərd-qəmdən hər kəs kim, demiş:

Heyranın könlü görüm vəsl ilə xəndan olmasın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info