Qonaq Kitabı
Könül fəraqi-yardə çəkib ahlar yandı

Könül fəraqi-yardə çəkib ahlar yandı.

Bu xəstə canda tapılmaz səbr, qərar, yandı.

 

Boy atdı eylə ki, yadlar bağında sərvi-tərim,

Alışdı ahım ilə gül, çiçək, nə var yandı.

 

Edəndə ay üzü əğyar büsatın gülgün,

Canımda qoymadı taqət bu qəm-qübar yandı.

 

Rəqib əl atdı o vaxt ki, nigarımın telinə,

Fəğan edən dili-zarımda əşgibar yandı.

 

Baxanda ay üzünə nazlı dilbərin billah,

Kədərli könlüm olub xeyli intizar, yandı.

 

Salanda boynuna, ey gül, rəqib qollarını,

Zavallı canım alışdı, çəkib şərar yandı.

 

Könül gül üstə qonub, bülbüli-şuridə kimi

Oldu Heyran, həsəddən alışıb xar yandı. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info