Qonaq Kitabı
Fəda olanda sənə mən, cahanda can yox idi

Fəda olanda sənə mən, cahanda can yox idi.

Əsiri hüsnün olan dəmdə bu cahan yox idi.

 

O gün ki, eşqinə uydum, yox idi xar ilə gül,

Yox idi, bülbüli-şeyda, nə bağıban yox idi.

 

Olanda vəslinə müştaq könül aləmdə,

Nə mənfəətdən əsər, nə xeyir, ziyan yox idi.

 

Məhəbbətin ürəyimdə durur o dəmdən ki,

Gecə-gündüzdən əlamət, sübut, nişan yox idi.

 

Könül quşum o zaman ki, vuruldu, düşdü tora,

Nə ki, bu yer üzü, hətta o asiman yox idi.

 

Qamətin sərvini Heyran yuva edən dəmdə,

Nə bir avazeyi-bülbül, nə aşiyan yox idi. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info