Qonaq Kitabı
Bax, necə mən bikəsi yari-sitəmkar öldürər

Bax, necə mən bikəsi yari-sitəmkar öldürər,

Ay camalı, həsrətində zarü bimar öldürər.

 

Yer verir öz məclisində çün rəqibə ol sənəm,

Qəlbimi əğyar əlilə yar dağlar, öldürər.

 

Daşmıdır qəlbi məgər cananımın, rəhm eyləməz,

Şad edər əğyarı, mən biçarəni xar öldürər.

 

Gözləri cəllad tək xəncər çəkiblər üstümə,

Qan içən səyyada bax, ahunu ovlar, öldürər.

 

Çox gecə hicran odunda yandı canım, indi də

Yada saldıqca, o qəmlər canım odlar, öldürər.

 

Mən o zalim yarə bir büt tək pərəstiş eylərəm,

Bəs nə cürmilə məni sanmış günəhkar, öldürər?

 

Gah gündüz, gah gecə gec vədlərlə aldadar,

Hər gecə gündüz məni o yari-qəddar öldürər.

 

Ruhum ayrılmış bədəndən, bir gül üzlü dilbərin,

Həsrəti-didardır, indi a dostlar, öldürər.

 

Şad qıldı vədeyi-vəslilə ol zalim məni,

Gəlmədi, qaldı gözüm yollarda ağlar, öldürər.

 

Min göz ilə ağlasın aləm gərək əhvalıma,

Çünki əğyarın ricasilə məni yar öldürər.

 

Hər səhər Heyran qəzəlxan olmalı bülbül kimi,

Gül fəraqi fəsli-güldə, bülbülü zar öldürər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info