Qonaq Kitabı
Cahanda dərdimə dərman olmadı nalə

Cahanda dərdimə dərman olmadı nalə,

Məni bu göz yaşı saldı daha yaman halə.

 

O mərhəmətli gözəl firqətində gözdən axan

Ciyər qanımla üzümdə açıldı min lalə.

 

O məh camalına hər ayda, ildə bir baxsan,

Qaşına səcdə üçün qamətin dönər dalə!

 

Onun ki, zülfi müəttər[i] damağımı qılmış,

Nə müşki-Çinə edər meyl, nə udi-Xalxalə.

 

Bu köhnə qəm evi dünyadə xoş o kəslərə ki,

Vüsali-yar-cavan ilə çatmış iqbalə.

 

Onun Ayaz kimi sərvi-qaməti boy atar,

Görüb onu düşə Məhmud özgə əhvalə.

 

Paxılların nəzərində hərassız Heyran,

Yetir xudaya ümidini həddi-ikmalə.[ii]



[i] Müəttər – Ətirli.

[ii] Həddi-ikmal – Kəmalə yetmək halı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info