Qonaq Kitabı
O məclis içrə ki, oynar sevimli cananım

O məclis içrə ki, oynar sevimli cananım,

Ay üzlü dilbərim, ol afitabi-tabanım.

 

Günəş camallı gözəllər tamam olar məhcub,

O yerdə ki, üzünü göstərər o sultanım.

 

Təravəti pozular gülşənin, gedər hüsni,

Qədəm qoyarsa ona sərvi-xoş xuramanım.

 

Ayaqlanarsa kəsik başlar hansı meydanda,

Bilin, o ərsədə badə gedib mənim canım.

 

O ənbərin saçına şanə vurma, rəhm eylə,

Ki, onda daldalanar bu dili-pərişanım.

 

Bilin o şəhrdə, kim, bir nəfər müsəlman yox,

O şəhrdə yaşayır yari-namüsəlmanım.

 

Gözəllərin hamısından gözəldi öz gözəlim.

Cahanda başqasını vəsf qılma, Heyranım!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info