Qonaq Kitabı
Saldı məni taqətdən ol afəti-dövranım

Saldı məni taqətdən ol afəti-dövranım,

Qıldı məni pəjmürdə ol zülfi-pərişanım.

 

Bir şuxi-dilaradən, bir dilbəri-rənadən,

Bir kafəri-tərsadən çıxdı yoxa imanım.

 

Ey nazlı sənəm, sənsən hüsn aləminə sultan,

Varmı günəşin hüsni səncə məhi-təbanım?

 

Qıvrım o saçın müşkə qalib gəlib aləmdə,

Olmuş ləbinə təslim həm ləli-bədəxşanım.

 

Ey nazlı gözəl, söylə ay şuxmudur, ya sən?

Qaş-gözlə çalıb-çapdın qəlbimi a sultanım!

 

Göylərdə günəş yoxdur ruyin tək ola rövşən,

Qamətdə misalın yox, ey sərvi-gülüstanım!

 

Oldu boyuna bəndə Xosrov kimi yüz sultan,

Yüz Yusifi hüsnünlə saldın tora, cananım.

 

Sən hüsn, səfa kanı, mən mehr, vəfa kanı,

Sən hüsnün ilə təksən, mən mehrim ilə, canım!

 

Aşiqlər arasında öz möhrü vüsalında

Heyran kimisi yoxdur, bu əhd, bu peymanım.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info