Qonaq Kitabı
Xoş olur səninlə cana, gecə bəzmi-eşq qurmaq

Xoş olur səninlə cana, gecə bəzmi-eşq qurmaq,

Gahi nazını çəkib, gah sənə naz edib oturmaq.

 

Verərək də son fəraqə, oturub qabaq-qabağa,

Söz açıb gah ayrılıqdan, gahi razi-hal sormaq.

 

Sayılar böyük səadət mənə gər nəsib olarsa,

O gözəl sənəm yolunda başımı verib də durmaq.

 

Mənim ey gözəl həbibim, nə olur da bir savab et,

Nə rəvadı hicr odunda öz həbibini qovurmaq.

 

O sevimli dilbərin ki, üzü çox gözəldi güldən,

Bacarar bu hüsnə dair təzə şübhələr doğurmaq.

 

O gülün fəraqi ilə düyünüm daha açılmaz,

Düyün üstə heç rəvadır təzə bir düyün də vurmaq?!

 

O gözəl bütün önündə, baş əyib pərəstiş etmək

Xoş olar, həm arxasında dayanıb namaz qılmaq.

 

Gecə-gündüz eyləyirsən nə üçün gilayə, Heyran,

Nə rəva ki, yar əlində belə qəm büsatı qurmaq? 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info