Qonaq Kitabı
Şikayət eylərəm sübhə qədər bəxti-siyahımdan

Şikayət eylərəm sübhə qədər bəxti-siyahımdan,

Bu xəstə canıma od vurdu, yandırdı məni hicran.

 

Olub dilşad vəsl ilə, çəkərdim həsrət hər saət,

Olum pərvanə tək şəmi-qədinə bu gecə qurban.

 

Visalından kəsildikdə ümidim nazlı cananın,

Vücudim gülşənini şaxta etdi xakilə yeksan.

 

Amandır, bu gecə canım yanar hicrində dildarın,

Nə çarə eyləyim mən binəva, dadə çatın, yaran![i]

 

Məni hicriylə bir halə salıb gül üzlü ol dilbər

Ki yüz yol istərəm çatsın əcəl, qafil ölüm hər an.

 

Atar ox kirpiyindən, könlümü hər dəm şikar eylər,

O səyyadın cəfasından olub qəddim kaman əlan.

 

Oda yansın görüm canı mənim bu qəmli könlüm tək,

O zalım ki, ayırdı zülm ilə Heyranı canandan.



[i] Yaran – Dostlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info