Qonaq Kitabı
Çarə yox dərdimə ol ləli-dütadən qeyri

Çarə yox dərdimə ol ləli-dütadən[i] qeyri,

Kimsə tutmaz əlimi zülfi-rəsadən[ii] qeyri.

 

Yoxdu bir yar edə halimi dildarimə ərz,

Səri-kuyində məgər, badi-səbadən qeyri?

 

Bəxtimiz şeşdəri-heyrətdə[iii] idi, çünki bizə

Görmədi yar rəva cövrü cəfadən qeyri.

 

Gərçi dildar mənə eylədi çox zülmü sitəm,

Mən ova eyləmənəm mehrü vəfadən qeyri.

 

Istərik dilbərimin xidmətinə əzm qılaq,

Töhfəmiz yox, dəxi bir xeyr-düadən qeyri.

 

Olmadı bunca giriftar qəmü dərdü ələm,

Səri-kuyində məni-bəxti-qəradən qeyri.

 

Düşməiin tənəsi, hicran odu, qürbət ələmi,

Yoxdu qəmxar bizə, kimsə xüdadən qeyri.

 

Gər qəza saldı səni yardən ayrı, Heyran!

Dəxi təqdirə nədir çarə, rizadən qeyri.



[i] Ləlü-düta – Qoşa ləl, qırmızı dodaqlar.

[ii] Zülfi-rəsa – Uzun saç.

[iii] Şeşdəri-heyrət – Şahmat, yaxud nərd oyununda çıxılmaz vəziyyətdə (mat) qalmaq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info