Qonaq Kitabı
Zülfini çün arizə ol məh pərişan eylədi

Zülfini çün arizə ol məh pərişan eylədi,

Rövzeyi-firdovsi[i] guya sünbülüstan eylədi.

 

Naz ilən etdi nigəh bir növ ilə ol məhliqa,

Öldürüb aşiqlərini, gör necə qan eylədi?

 

Çün baxıb əhvalıma, etdi təbəssüm naz ilən,

Qönçeyi-baği-behişti gör nə xəndan eylədi.

 

Çün təbibim ol iki yaquti etdi dürfişan,

Ruh verdi qəlbimə, dərdimə dərman eylədi.

 

Yar çün əğyar ilə etdi təkəllüm lütf ilə,

Könlümün dərdü qəmi mövc etdi, tufan eylədi.

 

Gördü çün əğyarilən dildarını sərgərmi-naz,[ii]

Dideyi-xunbarimi gör kim, nə tüğyan eylədi.

 

Qaşü göz, həm ləli-meygun, xali-hindu, zülfi-gəc,

Sərv qəddin göstərib Heyranı Heyran eylədi.



[i] Rövzeyi-Firdovs – Behişt bağı.

[ii] Sərgərmi-naz – Naza başı qızışmış.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info