Qonaq Kitabı
Səba zülfün dağıtdı, cümlə aləm müşkbar oldu

Səba zülfün dağıtdı, cümlə aləm müşkbar oldu.

Cəmali mehr tək guya buluddan aşikar oldu.

 

Tülu etdi üzü zülfün arasından günəş asa,

Hər on kəs ki, ona, nəzzarə etdi, biqərar oldu.

 

Könül oldu giriftari-nigahi-çeşmi-məxmuri,[i]

Nə möcüzdir bu, ya rəb, şir ahuyə şikar oldu?!

 

Baxıb çün məhfili-əhbabə[ii] gördüm onda yox dilbər,

Yanıb bağrım, gözümdə cəmi dünya tar-mar oldu.

 

Düşüb çün yadimə ahu sifət baxmağı dildarın,

Sirişki-al[iii] tökməkdə gözüm biixtiyar oldu.

 

Çün ol dildari-məhrüxdən cüda düşdüm məni-müztər,

Nedim, gülzardə güllər açıldı, ya bahar oldu?

 

Rəhi-eşqində ol yarın şikəstəkal Heyranın,

Səri pamali-möhnət,[iv] cismi-zari həm qübar oldu.



[i] Giriftari nikahi-çeşmi-məxmur – Xumar gözlərin baxışına vurulan.

[ii] Məhfili-əhbab – Dostlar məclisi.

[iii] Sirişki-al – Qanlı göz yaşı.

[iv] Pamali-möhnət – Qəm tapdağı olan, çox dərdli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info