Qonaq Kitabı
Verdi bu dəhr-əra bu fələk pöşti-xəm mənə

Verdi bu dəhr-əra bu fələk pöşti-xəm[i] mənə,

Cami-bəlavü kaseyi-dərdü ələm mənə.

 

Yarın fəraqi bir yana, əğyar şadlığı,

Bəs olmadı bu qədr cəfavü sitəm mənə?

 

Gah firqətə tutuşdu tənim, gah möhnətə,

Verdi zəmanə zəhri-sitəm dəmbədəm mənə.

 

Yandı fəraqə cism, zəbun oldu taleim,

Bəxti-bədimdən olmadı qəm hiç kəm mənə.

 

Vəslin məzaqi-kamimi şirin qılmamış,

Hicrin içirtdi şərbəti-qəm, lacərəm[ii] mənə.

 

Məcnun misal dəşti-ələm sərvəti olub,

Vəhşü tüyur[iii] oldula, xeylü həşəm[iv] mənə.

 

Heyran! Fəraqi-yar çəkib, tərki-can elə,

Yeydir bu vəz ömrdən axir ədəm mənə.



[i] Pöşti-xəm – Bükülü bel.

[ii] Lacərəm – Əlbəttə, mütləq, buna görə.

[iii] Tüyur – Quşlar.

[iv] Həşəm – Ailə, qoşun, dəstə. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info