Qonaq Kitabı
Can zarə gəlir ta ki, o cananə qayıtsın

Can zarə gəlir ta ki, o cananə qayıtsın.

Rəhmi gəlibən hali-pərişanə, qayıtsın.

 

Ol zülfi-xəmin yol itirib, üzdə dağılmış,

Tənbih elə, vur-tarına bir şanə, qayıtsın.

 

Gördü üzüvi, tərk elədi canımı könlüm,

Üz vermə ona, ta dili-divanə qayıtsın.

 

Ya rəb, nə olur hali onun ayrılığından,

Biçarə əgər bir də bu viranə qayıtsın?

 

Pərvaz qılıb tutiyi-təbim bu çəməndə,

Xali-ləbüvi göstər ona danə, qayıtsın.

 

Ya rəb, nə olur dəfi-xumarinə fəraqın,

Saqi dolanıb, bir də o peymanə qayıtsın.

 

Gülzari-vüsalində uçub mürqi-həyatım,

Ürküt ovu, ey nalə, gülüstanə qayıtsın.

 

Məcnun oluban hicrdə mən çöllərə düşdüm,

Ey bari-xuda, rəhm elə, fərzanə[i] qayıtsın.

 

Çün bütkədədən Kəbəyə əzm eylədi Heyran,

Bir lütf ona eylə ki, mərdanə qayıtsın.



[i] Fərzanə - Ağıllı, möhtərəm adam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info