Qonaq Kitabı
Qıl tamaşa gözüm, ol sərvü-xuramanə bu gün

Qıl tamaşa gözüm, ol sərvü-xuramanə bu gün,

Naz ilə əzm eləyib seyri-gülüstanə bu gün.

 

Belə kim, mən görürəm dilbərimin qəmzəsini,

Öldürür aşiqi-sərgəştəni mərdanə bu gün.

 

Vəslün ey şux bizə eyddir, eydi-əkbər[i],

Eləmə zülmü sitəm, batmayasan qanə bu gün.

 

Ruz xoşdur, gözəlim, sən dəxi yümni xoş et,

Eyş tut, zülfi-siyəhfamüvə[ii] çək şanə bu gün.

 

Bəzmi-işrət tutub arayişi-kamil elə sən,

Ta şikəst versin üzün mehri-dirəxşanə bu gün.

 

Görsə ol ruyi-məhin gərçi Züleyxayi-həzin,

Eyləməz bir də nəzər Yusifi-Kənanə bu gün.

 

Çü niqab ol rüxi-xubundan alıb badi-səba,

Rəşk üz verdi genə rövzeyi-rizvanə bu gün.

 

Çün təcəlla elədi fikri-rüxün könlümdən,

Didəmin yaşı vurub tənələr ümmanə bu gün.

 

Hanı bir məlcəi-qəmxar,[iii] bəqeyrəz[iv] kərəmin,

Cani-mən, eylə tərəhhüm, məni-Heyranə bu gün.



[i] Eydi-əkbər – Böyük bayram.

[ii] Zülfi-siyahfam – Qara rəngli saç.

[iii] Məlcəyi-qəmxar – Dərd şəriki, ümid yeri.

[iv] Bəqeyrəz kərəm – Kərəmdən qeyri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info