Qonaq Kitabı
Müjdə gətdi bizə bir qasidi-çalak bu gün

Müjdə gətdi bizə bir qasidi-çalak[i] bu gün,

Könlümüz tazələnib oldu fərəhnak bu gün.

 

Nuri-rüxsarı könüldə çü təcəlla elədi,

Qəlbimiz gərdi-küdurətdən[ii] olub pak bu gün.

 

Getdi ol köhnə qübari ki, gözümdə var idi,

Nuriyab oldu genə dideyi-nəmnak bu gün.

 

Lilləhilhəmd[iii] ki, əğyar olub xarü qəmin,

Rəşkdən müddəinin qəlbidi səd çak bu gün.

 

Qüssədən düşməni-dun oldu pərişan bu gecə,

Kərəmi-dust qılıb, düşməni qəmnak bu gün.

 

Yar bu bəzmi qüdumilə[iv] müzəyyən eləsə,

Şövq ilə nöh fələkə fəxr edər xak bu gün.

 

Şükr bu nemətə, Heyran elə hər sübhü məsa,[v]

Nə əcəb dövr elədi, gərdişi-əflak bu gün!



[i] Qasidi-çalak – Cəld xəbər gətirən.

[ii] Gərdi-küdurət – Qəm tozu, qüssə.

[iii] Lilləhilhəmd – Allaha şükür.

[iv] Qüdum – Gəliş.

[v] Məsa – Axşam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info