Qonaq Kitabı
Ey sitəmkər, məni rüsvayi-cahan eyləmisən

Ey sitəmkər, məni rüsvayi-cahan eyləmisən.

Gözümün yaşını çün Dəclə, rəvan eyləmisən.

 

Həmnişin eyləmisən düşməni, ey mayeyi-naz,

Rəşgdən[i] canım alıb, bağrımı qan eyləmisən.

 

Gün kimi arizinə zülfi-çəlipanı[ii] salıb,

Günü gör, əbri-siyəh[iii] altda nəhan eyləmisən.

 

Naz ilə, işvə ilə seyr eləyib gülzari,

Göstərib möcüzə sən, sərvi rəvan eyləmisən.

 

Bir canım var idi, ey şux ki, aldın o zaman,

Özgə can dəxi bu bikəsdə güman eyləmisən?

 

Qaşların tiqi-sitəm almış ələ, kirpiyin ox,

Öldürürsən məni nahəq yerə, qan eyləmisən.

 

Neçin ey şux, niqabın götürübsən üzdən,

Ruyi-xurşidvəşin[iv] xəlqə əyan eyləmisən?

 

Almısan əqlimi sərdən mənim, ey afəti-can!

Qəddimi möhnəti-hicrində kəman eyləmisən.

 

Həsrəti-vəslüvilə, ey məhi-mən, Heyranı

Başı yerdə, gözü yolda nigaran eyləmisən.



[i] Rəşk – Həsəd.

[ii] Zülfi-çəlipa – Çarpaz saçlar, burma saçlar.

[iii] Əbri-siyəh – Qara bulud.

[iv] Ruyi-xurşidvəş – Günəş üzlü.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info