Qonaq Kitabı
Olubdu qəm yatağı şad gördüyün könlüm

Olubdu qəm yatağı şad gördüyün könlüm.

Dağıldı qüssədən abad gördüyün könlüm.

 

Diyari-qəmdə giriftarü dəstgir oldu,

Kəməndi-firqətə, azad gördüyün könlüm.

 

Fəraq dərdinə axtardı, tapmadı çarə,

Cəmii hikmətə ustad gördüyün könlüm.

 

Səriri-vəsldə[i] Xosrov sifət oturmuşdu,

Olubdu guhdə Fərhad, gördüyün könlüm.

 

Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,

Visal seydinə səyyad gördüyün könlüm.

 

Hücumi-möhnətü qəmdən, süpehri-əlayə![ii]

Yetirdi naləvü fəryad, gördüyün könlüm.

 

Çəkib şərarələr, etdi vicudimi, Heyran,

Misali-kureyi-həddad[iii] gördüyün könlüm.



[i] Səriri-vəsl – Vüsal təxti.

[ii] Süpehri-əla – Uca göy.

[iii] Misali-küreyi-həddad – Dəmirçi kürəsi kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info