Qonaq Kitabı
Gedər əqlim sərimdən, arizi-rüxsarini görcək

Gedər əqlim sərimdən, arizi-rüxsarini görcək,

Olur halım pərişan zülfi-ənbər-barini görcək.

 

Uçar rəngim üzümdən vəslüvə yetdikcə, ey dilbər,

Dizim titrər, dilim tutmaz sənin didarini görcək.

 

Düşər nitqi məlahətdən, əzizim, tutiyi-xoşgu,[i]

Çəməndə lal olur bülbül, sənin göftarini görcək.

 

Çü görsə rəngi-rüxsarın, solar rəngi-güli-həmra,[ii]

Olur pəjmürdə sünbül türreyi-tərrarini görcək.

 

Dağılar xuşeyi-Pərvin, Bənatünnəş olur bərhəm,[iii]

O mahi-arizində cabəca xallarini görcək.

 

Gülüstanda sənubərlər həsəddən kəç qılar, ağlar.

Olur sərvin qədi xəm, cilveyi-rəftarini görcək.

 

Bu xülqi xaliqi-sübhan sənə çün eyləyib ehsan,

Edər canın fəda Heyran, sənin ətvarini görcək.



[i] Tutiyi-xoşgu – Xoş danışıqlı tuti.

[ii] Rəngi-küli-həmra – Qızıl gülün rəngi.

[iii] Bərhəm – Qarışıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info