Qonaq Kitabı
Yarın ləbi, gör, ləli-Bədəxşani bəyənməz

Yarın ləbi, gör, ləli-Bədəxşani bəyənməz.

Dürci-dəhəni[i] qönçeyi-xəndani bəyənməz.

 

Hər kim görə dəndanlərin, gahi təbəssüm,

Həm gövhəri, həm lölöi-qəltanı bəyənməz.

 

Yarın məhi-ruyini görən ruyi-zəmində,

Göydə dolanan mehri-dirəxşanı bəyənməz.

 

Ol zülfi-səmən-sayə[ii] baxan dövri-rüxində,

Gülzardəki sünbülü reyhanı bəyənməz.

 

Yarın qədini görsə əgər qumriyi-bidil,

Gülşəndə bitən sərvi-xuramanı bəyənməz.

 

Hər kəs ki, tutub kuyi-visalində təməkkün,[iii]

Billah, verələr təxti-Süleymanı, bəyənməz.

 

Ey şahi-zaman, şahi-cahan, gərçi Züleyxa

Görsə üzünü, Yusifi-Kənanı bəyənməz.

 

Hər kəs ola carubkəşi-dərgəhi-canan,[iv]

Bil bunu yəqin, təxtdə sultanı bəyənməz.

 

Heyran, əgər tutsa vətən yar dərində,

Gəlməz gözünə, rövzeyi-rizvanı bəyənməz.



[i] Dürci-dəhən – Kiçik ağız.

[ii] Zülfi-cəmənsa – Yasəmən saçlar.

[iii] Təməkün – yerləşmək, qüvvə, qüdrət.

[iv] Carubkəşi-dərgahi-canan – Canan qapısının süpürgəçisi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info