Qonaq Kitabı
Eşqi-rüxi-canan genə tüğyan eləyibdir

Eşqi-rüxi-canan genə tüğyan eləyibdir.

Qəlbim odunu atəşi-suzan eləyibdir.

 

Xurşidi-küsufidi[i] və ya türreyi-şəbrəng,[ii]

Rüxsarına dildar pərişan eləyibdir.

 

Yaquti-ləbi-yar dürəfşan olubdur,

Ya badi-səba qönçəni xəndan eləyibdir.

 

Ol çöhreyi-gülrəng idi, ya lütf ilə xaliq,

Məşriqdən iki sübh nümayan eləyibdir!

 

Bəzilərə bu çərx qılıb məsnədi[iii] qismət,

Mənzil biz üçün guhü biyaban eləyibdir.

 

Firqət sitəmindən qədimiz dalə dönübdür,

Hicran ələmi bağrımızı qan eləyibdir.

 

Ol mah məgər təziyə Heyrana tutubdur,

Türrəsin açıb, zülfi pərişan eləyibdir?



[i] Xurşidi-küsufi – Günəş tutulması.

[ii] Türreyi-şəbrəng – Gecə rəngli saç, qara saç.

[iii] Məsnəd – Təxt, padşah təxti.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info