Qonaq Kitabı
Boyun sərvi-səhi, zülfün müənbər

Boyun sərvi-səhi, zülfün müənbər,[i]

Cəmalın Yusifi-Kənanə bənzər.

 

Qaşın aşiqlərin qəsdinə guya,

Xəm[ii] olmuş tiqi-sərəfşanə[iii] bənzər.

 

Açanda gözlərin alır bu canı,

Yatanda fitneyi-dövranə bənzər.

 

Baxanda naz ilə tiri-nigahın,

Könüldə xəncəri-bürranə bənzər.

 

Dilin bülbül, saçın sünbül, üzün gül,

Kəc olmuş kirpiyin peykanə bənzər.

 

Məhi-rüxsarin, ey huri-behişti,

Gülüstanda güli-xəndanə bənzər.

 

Vurub badi-səba zülfün dağıtmış,

Gül üzrə dəsteyi-reyhanə bənzər.

 

Ləbi-ləli-şəfa-bəxşin, əzizim,

Be-eyneh[iv] çeşmeyi-heyvanə[v] bənzər.

 

Xalın hindu sifət günci-ləbində,

Oturmuş təxt əra sultanə bənzər.

 

Sənin kuyündə aşiqlər fəğani

Çəməndə bülbüli-xoşxanə bənzər.

 

Şərarəi-şurəngizindən,[vi] ey məh;

Sərim də atəşi-suzanə bənzər.

 

Gözüm yaşı fəraqindən üzümdə

Sərasər lölöi-qəltanə bənzər.

 

Əgərçi aşiqin çoxdur və lakin,

Inanma, heç biri Heyranə bənzər.



[i] Müənbər – Ənbər qoxulu.

[ii]Xəm – Əyri.

[iii] Tiği-sərəfşan – Baş kəsən qılınc.

[iv] Beeyneh – Eynən.

[v] Çeşməyi-heyvan – Dirilik bulağı.

[vi] Şərari-şurəngiz – Dəhşətli alov.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info