Qonaq Kitabı
Xunxar çeşmin ahuyi-Dəşti-tətardır

Xunxar çeşmin ahuyi-Dəşti-tətardır.[i]

Seydi-dilim[ii] o ahu üçün biqərardır.

 

Olmuş könül müqəyyəd[iii] o sərxoş nigahına,

Möcüz budur ki, ahuya ahu şikardır.

 

Mahi-rüxündən ayrılalı, ruzü şəb[iv] işim

Gahi fəğanü nalə, gəhi ahü zardır.

 

Qəmzən xədəngi Rüstəmi-dastan xədəngidir,

Amaci-dil çü dideyi-Isfəndiyardır.[v]

 

Könlüm quşu görəndə çü zülfün kəməndini,

Ahü fəqanü nalədə biixtiyardır.

 

Düşmüş niqabi üzdən o mahin səhabvəş,[vi]

Eylə nəzarə, gör nə əcəb nobahardır.

 

Məxmur çeşm,[vii] ləl-ləbü sərv-qəd, cavan,

Ruyi-zəmində gər belə kəs var, o yardır.

 

Heyran sənə əsir idi ruzi-ələstdən,[viii]

Pünhan deyil, bir işdi bu ki, aşikardır.



[i] Xunxar çeşmin ahuyi-Dəşti-tətardır – Qan içən gözlərin Tatar səhrasının ahusidir.

[ii] Seydi-dil – Könül ovu.

[iii] Müqəyyəd – Zəncirlənmiş.

[iv] Rüzü şəb – Gündüz və gecə.

[v] Amacı-dil çü dideyi-İsfəndiyardır – Hədəf olan ürəyim İsfəndiyarın gözünə bənzəyir. (“Şahnamə” qəhrəmani Rüstəmin döyüşdə, İsfəndiyarın ikibaşlı bir oxla hər iki gözündən vurmasına işarə olunur.)

[vi] Səhabvəş – Bulud kimi.

[vii] Məxmur çeşm – Xumar gözlü.

[viii] Ruzi-ələst – İlk yaradılış günü (mövhumat).

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info