Qonaq Kitabı
Bu çərxi-bivəfanın gərdişi peyvəstə varundur

Bu çərxi-bivəfanın gərdişi peyvəstə[i] varundur[ii],

Onunçün əhli-dil daim qəminü zarü məhzundur.

 

Salıb dövran bizi möhnətlərə, dünyayi-dun içrə,

Cəfayi-çərxi-kəcrəftaridən dil löcceyi-xundur.[iii]

 

Çü zülfi-dilbəran könlüm həmişə, gör, pərişandır,

Misali-xali-məhruyan[iv] olub, daim siyəhgundur.[v]

 

Gəhi bu qəlbi-sövdayi əgər mayil olur nəzmə,

Demək aşüftəlikdəndir[vi], nəinki şövqi əfzundur.[vii]

 

Hər ol şeiri ki, şövq ilə deyilsə özgədir hüsnü,

Misali-lölöyi-qəltan, besani-dürri-məknundur[viii].

 

Əgər şeirim şikəst olsa, mənə etmə məlamət, kim,

Şikəstə söz bəyan etmək, şikəstə təbə mədyundur[ix].

 

Dili-məhzuni Heyranın olub atəşgədə qəmdən.

Ki, çeşmi əşki-həsrətdən besani-rudi-Ceyhundur.[x]



[i] Peyvəst – Həmişə.

[ii] Varun – Əksinə çevrilmiş.

[iii] Löcceyi-xun – Qan dəryası.

[iv] Misali-xali-məhruyan – Ay üzlülərin xalı kimi.

[v] Siyahgun – Qara.

[vi] Aşüftə – Həyəcanlı.

[vii] Əfzun – Artıq, çox.

[viii]  Besani-dürri-məknundur – Gizlində qalan dürr kimidir.

[ix] Mədyun – Borclu; burada: layiq, rəva.

[x] Ki, çeşmi əşki-həsrətdən besani-rudi-Ceyhundur – həsrətdən ağlayan gözü Ceyhun çayına dönmüşdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info