Qonaq Kitabı
Bu nə rüxsari-zibadır, bu nə zülfi-pərişandır

Bu nə rüxsari-zibadır, bu nə zülfi-pərişandır,

Məgər xurşidi-rəxşan[i] əbri-nisan[ii] içrə pünhandır?

 

Təaləllah,[iii] bu nə əbrü nə çeşmü bu nə müjgandır,

Biri xəncər, biri ahu, biri şəmşiri-bürrandır.

 

Bu nə ləbdir, nə dəndandır və ya lölöi-qəltandır,[iv]

Bilurin hoqqə içrə guiya ləli-Bədəxşandır.

 

Kəməndi-gərdəni-can, daneyi-mürqi-dili-şeyda,

Və ya ki, xali-hindu, ya ki zülfi-ənbərəfşandır.

 

Düşüb rüxsarə zülfi-müşgibarin[v] piçü tab[vi] ilə,

Və ya gənc üzrə baş qoymuş yatan bir mari-piçandır.[vii]

 

Ərəqdən[viii] qətrələrdir səfheyi-rüxsaridə[ix], ya kim,

Səhabi-zülf əra xurşidi-ruyi zərəfşandır[x],

 

Boyun tək bir qədi-ziba görünməz dəhridə əsla,

Zisüni-qadiri-yekta, nəhali-gülşəni-candır.[xi]

 

Sənin ləfzi-göhərbarin,[xii] cəmi əmvati həyy eylər,[xiii]

Dəmi-Isayi-ruhullahü ya ki, abi-heyvandır.[xiv]

 

Iki aşiq olub suzan camalın şəminə hər dəm,

Biri pərvaneyi-miskin, biri sərgəştə Heyrandır.



[i] Xurşidi-rəxşan – Parlaq günəş.

[ii] Əbri-nisan – Bahar buludu.

[iii] Təaləllah – Ey Allah.

[iv] Lölöi-qəltan – Mirvari.

[v] Zülfi-müşkbar – Müşk qoxusu saçan zülf.

[vi] Piçütab – Qıvrım.

[vii] Mari-piçan – Qıvrılmış ilan.

[viii] Ərəq – Tər.

[ix] Səfheyi-rüxsar – Üzün sahəsi.

[x] Səhabi-zülf əra xurşidi-ruyi zərrəəfşandır – Saç buludu arasında üzünün günəşi nur saçmaqdadır.

[xi] Zisüni-qadiri-yekta nəhali-gülşəni-candır – Allahın qüdrətindən yaranmış, könül gülşəninin fidanıdır.

[xii] Ləfzi-göhərbar – Gövhər saçan söz.

[xiii] Əmvati həyy eylər – Ölüləri dirildər.

[xiv] Abi-heyvan – dirilik suyu, həyat suyu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info