Qonaq Kitabı
Ey çərx, mənim ahi-şərərbarimə rəhm et!

Ey çərx, mənim ahi-şərərbarimə[i] rəhm et!

Hicranə yanan sineyi-əfkarimə[ii] rəhm et!

 

Sübhə kimi əncöm[iii] sayaram fikri-rüxündə,

Hicran gecəsi dideyi-bidarıma[iv] rəhm et!

 

Qürbət ələmi, yar fəraqi məni aldı,

Qürbətdə qalan cani-giriftarıma rəhm et!

 

Tənha qalıban bikəs olub, yardən ayrı,

Bikəsliyimə, həsrəti-besyarıma[v] rəhm et!

 

Əşk ilə edib hər tərəfə seyl rəvanə,

Çün əbr[vi] sifət çeşmi-göhərbarimə[vii] rəhm et!

 

Hicrani-rüxi-yar[viii] məni saldı ayaqdan,

Çatdır məni ol munisi-qəmxarimə, rəhm et!

 

Yüz zəhmət ilə xamuş olub bu dili-viran,

Heyran! Fəğan etmə, dili-zarimə rəhm et!



[i] Ahi-şərarbar – Alovlu ah.

[ii] Sineyi-əfkar – Dərdli sinə.

[iii] Əncəm – Ulduzlar.

[iv] Dideyi-bidar – Yol gözləyən, oyaq göz.

[v] Həsrəti-besyar – Sonsuz həsrət.

[vi] Əbr – Bulud.

[vii] Çeşmi-göhərbar – Gövhər saçan göz, məc, yaşlı, ağlayan göz.

[viii] Hicrani-ruxi-yar – Yarın üzünün ayrılığı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info