Qonaq Kitabı
Könlüm quşu ol zülfi-pərişan arasında

Könlüm quşu ol zülfi-pərişan arasında,

Biçarə qalıb cənnətü niran[i] arasında.

 

Gör kim necə sərgəştə[ii] qalıb valehü tənha,

Ol xali-Xəta ilə Bədəxşan arasında.

 

Tüğyan eləyib dərdü qəmim, bu dili-zarim[iii]

Bir gəştiyə[iv] bənzər, qala tufan arasında.

 

Dil[v] zülfilə rüxsarinə çün qıldı tamaşa,

Avarə qalıb küfr ilə iman arasında.

 

...A, gör nə əcəb möcüzədir, kim necə bitmiş,

Bir sünbüli-tər atəşi-suzan arasında.

 

Ey dil, eləmə qəm ki, onun yoxdu təfavüt,

Kuyində, çü dərviş ilə sultan arasında.

 

Çün yar qılıb lütfini kəm, hanı o həmdəm,

Ta sülh qıla yar ilə Heyran arasında.



[i] Niran – Cəhənnəm.

[ii] Sərgəştə - Özbaşına, avara.

[iii] Dili-zar – Sızlayan ürək.

[iv] Gəşti – Gəmi.

[v] Dil – Ürək, könül.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info